ArxivXəbər lentiXəbərlər

Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

Dünyada ilk xalça muzeyi Azərbaycan hökumətinin 1967-ci ilin mart ayında qəbul etdiyi qərarla yaradılıb.
Muzey yaradılmasının təşəbbüskarı xalça tədqiqatçısı, alim, Xalq rəssamı Lətif Kərimov olub. Yaradıldığı tarixdən muzey “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi”, “Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi” kimi fəaliyyət göstərib, 2014-cü ildən isə adı “Azərbaycan Xalça Muzeyi” kimi rəsmiləşdirilib.
Muzeyin yerləşdiyi məkan da eyni ünvanda olmayıb. Belə ki, ilk ekspozisiya 1972-ci ildə İçərişəhərdəki “Cümə” məscidində, sonra Muzey Mərkəzində qərarlaşıb. Məhz Xalça Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisindəki orijinal bina inşa edilib.
Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova SalamNews-a bildirib ki, yeni binadakı muzey ekspozisiyasında hazırda “Xovsuz xalçalar”, “Xovlu xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Çini, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kolleksiyaları nümayiş olunur. Kolleksiyanın çox hissəsi ötən əsrin 70-80-ci illərində son dərəcə dəqiqliklə və mükəmməl şəkildə toplanıb.
“Bu gün muzey fondları 10 mindən çox eksponatdan ibarət unikal kolleksiyaya malikdir. Onun böyük bir hissəsini xovsuz və xovlu xalçalar, xalça məmulatları təşkil edir. Bu gözəl sənət məbədinə müxtəlif illərdə Əziz Əliyev (1967-1982) və Röya Tağıyeva (1983-2015) başçılıq edib. 50 il ərzində muzey dünya səviyyəsində bir çox uğurlara imza atıb, həm ölkəmiz, həm keçmiş sovetlər birliyi, həm də beynəlxalq miqyasda Azərbaycan xalçasının tanıdılması və təbliğində böyük rol oynayıb”.
Şirin Məlikova onu da vurğulayıb ki, muzey öz 50 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşır. Bu il silsilə tədbirlərin təşkili planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən oktyabrın 17-dən 20-dək Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə reallaşacaq. Xalça Muzeyi tədbir çərçivəsində bir neçə sərginin təşkilini, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə “Azərbaycan Xalça Muzeyi – 50 il” kitabının təqdimatını nəzərdə tutur. (SalamNews )

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button