ArxivIslamXəbər lentiXəbərlər

Mövsüm Səmədov dustağın döyülməsinə etiraz etdiyinə görə cəzalandırılıb

Həbsdə olan ilahiyyatçının vəkili həyəcan təbili çalır: “Ona edilən qanunsuzluqların qarşısı alınmasa, arzuolunmaz nəticəyə gətirib çıxara bilər”

Qafqaz.ir nur-az.com-ya istinadən xəbər verir ki, Azərbaycan İslam Partiyasının sədri, hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədovun vəkili Yalçın İmanov onun durumunun kritik olduğunu deyir. M.Səmədovun saxlanma şəraiti, müəssisə rəhbərliyinin ona qarşı münasibəti ilə əlaqədar Beynəlxalq Qırmızı Xaş Komitəsinə, Ombudsman Aparatına və cəzaçəkmə müəssisələrinə nəzarət edən Ədliyyə naziri yanında İctimai Komitəyə müraciət edib. Martın 27-də cəzaçəkmə müəssisəsində M.Səmədovla görüşən vəkil ilahiyyatçının iki aylıq cəzalandırılmasının səbəbini də öyrənib. Y.İmanov “Azadliq radiosu”na məsələ ilə bağlı bunları deyib: “Mövsüm Səmədovun mənə danışdığına görə, onu martın 18-də üç günlük “karsa” salıblar. Əsas kimi isə, onun dustaqların saxlandığı ümumi yataqxanada namaz qılması göstərilib. Bayram günlərini də “karsda” keçirib. Elə bayram axşamı – martın 20-də qonşu “kars” otağına yaşlı bir məhbusu gətirib, şiddətlə döyüblər. Deyir, elə döyürdülər ki, səsi hər tərəfi bürümüşdü. Mövsüm Səmədova bu hadisə pis təsir edib, qapını döyüb deyib ki, heç olmasa, bayram günü adamlara bunu eləməyin. Bu hərəkəti müəssisə əməkdaşlarını qəzəbləndirib, martın 21-də onu rəisin yanına aparıblar. Ardınca da iki ay kamera tipli otağa keçirilməsi barədə qərar qəbul olunub”. Y.İmanov deyir ki, Cəzaların İcrası Məcəlləsində cəza tədbiri kimi, məhkumun kamera tipli otağa köçürülməsi nəzərdə tutulub. Məhkum cəzaların icrası qaydasını qərəzli olaraq pozsa, bir aydan altı ayadək müəssisə daxilindəki kamera tipli otaqlara keçirilə bilər. M.Səmədova bu cəzanın verilməsi haqda qərarda səbəb kimi, onun üzərində axtarış aparılmasına etiraz etməsi göstərilib. M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsinə gəldiyi dörd ayda dörd dəfə “karsa” salınıb. İlahiyyatçı birinci dəfə elə müəssisəyə gətirildiyi gün 15 günlük “kars”la cəzalandırılıb. Daha sonra 8, 5 və 3 gün olmaqla, daha üç dəfə bu şəkildə cəza lıb. Bundan əlavə, ona üç dəfə töhmət elan olunub, bir dəfə də xəbərdarlıq edilib. İlahiyyatçı vəkilinə deyib ki, 6 il 3 aydır həbsdədir, bu müddətin cəmi 2 il 5 ayını açıq havada olub. Qalan vaxtlarda ya Qobustandakı qapalı həbsxana rejimində, ya cəza kameralarında saxlanıb: “Mövsüm Səmədovun səhhətində də ciddi problemlər var. Ayağında varikozdan əziyyət çəkir, daim açıq havada gəzməlidir. Onun ardıcıl “karsa”, indi də kamera tipli otağa salınması səhhətinə mənfi təsir göstərir. Üstəlik, adamı ailə üzvləri ilə görüşdən, həftədə iki dəfə telefon danışığı hüququndan da məhrum ediblər”. Y.İmanov 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədovla da görüşərək, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı belə münasibətin səbəbləri ilə maraqlanıb. Vəkil deyir ki, müəssisə rəisi onun özünü də ittiham edib: “Rauf Məmmədov gizlətmədi ki, ardıcıl cəzaların məqsədi Mövsüm Səmədovu yenidən Qobustan həbsxanasına qaytarmaqdır. Ona qarşı münasibəti isə belə izah etdi ki, Mövsüm Səmədov Azərbaycan dövlətini sevmir, buna görə də onun cəzalandırılması tamamilə qanunidir, əsaslıdır. Onun fikrincə, nəinki Mövsüm Səmədov, hətta onun vəkili olaraq, mən də Azərbaycan dövlətini sevmirəm. Hüquqlarını müdafiə etdiyim şəxsin kamera tipli otağa keçirilməsinin qanunsuz olduğunu iddia edirəmsə, deməli, mən Azərbaycan dövlətini sevmirəmmiş. Yəni mənim haqqımda belə bir gülməli, ağlagəlməz iddiada bulundu”. Y.İmanov yerli və beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə müraciət edərək, onları 12 saylı cəzaçəkmə müəssisəsinə daxil olub, M.Səmədovla görüşməyə çağırır: “Bu adama qarşı qanun pozuntularının aradan qaldırılmasına cəhd eləsinlər, onun durumunu daim diqqətdə saxlasınlar. Ona edilən qanunsuzluqların qarşısı alınmasa, arzuolunmaz nəticəyə gətirib çıxara bilər”. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə Mövsüm Səmədovun cəzalandırılması ilə bağlı məsələyə münasibət bildirərkən bunları deyib: «Biz vəkilin nə deməsinə şərh vermirik. Amma məhkum kimliyindən asılı olmayaraq, cəza çəkdiyi müəssisənin nizam-intizamına tabe olmalıdır. Bu nizam-intizam pozulduqda, daxili qaydalara görə, müəssisə rəhbərliyi cəzalar tətbiq edir». Xatırladaq ki, M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. 2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button