ArxivNardaranXəbər lentiXəbərlər

Mübarizəmiz həbsxanada belə, davam edəcək

Ölkəni idarə edən hakim təbəqə yalnız özünü düşünən, pula pərəstiş edən, siyasi düşüncədən məhrum olan, xalqıyla işgəncə dili ilə danışan şəxslərdən ibarətdir. Əgər ölkənin gələcəyi, idarəsi bu təbəqənin ümidinə qalıbsa, həyəcan təbilinin çalınması labüddür.

Bu ölkə Azərbaycan xalqına məxsusdur. Hakimiyyətdə oturanlar isə Azərbaycanı öz şəxsi obyektlərinə çeviriblər. Xalqın bütün təməl haqlarını əlindən alıblar. Oturduqları kreslolardan xalqın rifahı üçün yox, öz şəxsi maraqlarını təmin etmək üçün istifadə edirlər.

Dövlətin resursları, hakimiyyət xalqa qarşı zorakılıq və mənəvi terror vasitəsinə çevrilib. Vətəndaşları işsiz qoymaqla, ziyalıları satın almaq, qorxutmaqla, dindarları cəmiyyətə ekstremist kimi tanıtmaqla, müxalifətə “Qərbin agenti” damğası vurmaqla, etiraz edənləri həbsə atmaqla özünü qorumağa çalışan iqtidar əslində bu ölkənin gələcəyini təhlükəyə atır.

Azad düşüncəni, məzlum insanların haqq səsini həzm edə bilməyən hakim təbəqəyə qarşı nə olursa olsun yorulmadan, usanmadan mübarizə aparmaq lazımdır. Bu səbəbdən bizim sivil mübarizəmiz davam edir və edəcək! Cəmiyyət düşdüyü bu durumdan qurtulmaq üçün xilaskar gözləmək əvəzinə, mübarizə aparıb özü öz gələcəyini xilas etməlidir!

Biz əbədi zindana, şəhadətə belə razıyıq, təki xalqımız bu rejimin zülmlərindən xilas olsun.

Bizi uzun illər azadlıqdan məhrum etsələr belə, biz öz xalqımızı, vətənimizi, dövlətimizi sevənlərdənik. Əgər kimlərsə siyasi sifarişi yerinə yetirib, zalım rəhbərin gözündə yüksələcəksə, bilsin, bir gün Allahın, xalqın qarşısında alçalacaqdır. Amma Allahın və xalqın qarşısında ucalmaq əbədi səadət, xoşbəxtlikdir. Allahın izni ilə xalqımın haqqı bir gün özünə qaytarılacaq və qorunacaq.

Əgər bir ölkədə qorxu, zülm hökm sürürsə, bu, həmin ölkəni idarə edənlərin ədalətsizliyindən, avtoritarlığından xəbər verir. Vətənimizdə insanları kor, lal etmək istəyirlər. Bu ölkədə zülmə susan heç kim həbsdən, şər-böhtandan sığortalanmayıb. Sıra bir gün susanlara da gələ bilər. Kimsə fikirləşməsin ki, yatıb-durandan sonra möcüzə baş vərəcək. Bu zülmkar rejimin getməsi üçün dinindən, irqindən, məzhəbindən aslı olmayaraq, hər kəs birləşməlidir.

Və hər kəs bir şeydən əmin olmalıdır. Ədalətsizliyə qarşı çıxan insanlar həbsxanalarda belə, mübarizələrini davam etdirəcəklər!

Abbas Hüseyn
Kürdəxanı tədricxanası

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button