ArxivNardaranXəbər lentiXəbərlər

“Zülmünüzü artıq edin” – Abbas Hüseynin bacısının müraciəti

“Xalqını duymayan və hiss etməyən hakimiyyət bir gün devrilməyə məhkumdur”

Nardaran məhbuslarından biri, məhkəmənin 20 il həbs cəzası kəsdiyi Abbas Hüseynin bacısı Sevinc Hüseynzadə redaksiyamıza öz məqaləsini göndərib. Onu təqdim edirik:

Hakimiyyət tərəfindən oğlu günahsız yerə şərlənmiş bütün analara demək istəyirəm ki, kim nə deyir desin, kimlər sizdən üz döndərir döndərsin hər kəs bu həyatda sahib olduğu vicdanla hərəkət edir. Ürəyi dağlanmış anaların fəryadı yerdə qalmayacaq. Bir gün həmin ah-nalə qansızları tutacaq.

Aylardır Nardaran hadisələri ilə bağlı məhkəmə prosesini izlədikcə insan dəhşət və nifrətdən sarsılır. Sanki “cəhənnəm qazanı” Azərbaycanda qaynayır və ədalət istəyib “cəhənnəm qazanına” düşənlər isə Azərbaycan hakimiyyəti tərəfindən lənətlənmiş insanlardır. İnsanın diri-diri dırnağın çıxarmaq, toka vermək, barmaqlarını sındırmaq, şalvarını çıxarıb əxlaqsız hərəkətlərlə insan ləyaqətini alçaldan əməlləri insan əxlaqından, insanlıqdan uzaq iblis xislətli düşmən edə bilər.

İllər öncə başımıza gətirilən faciələrin — 20 Yanvar, 20 Noyabr, Xocalı soyqrımının ermənilər tərəfindən törədilməsinin şahidi olmuşduq. Ölümüzü və dirimizi təhqir edərək verilən işgəncələrin ağrısını yaşamışdıq. Düşmən tərəf olduğuna görə, o edilənləri haradasa bəlkə başa düşmək olar. Bəs haqq sözünə görə öz millətinə qarşı silah işlədən, günahsız insanlara “radikal, terrorist, norkaman” və s. bu kimi şər-böhtan atıb həbs edən, olmazın işgəncələrə məruz qoyan bir hakimiyyətə hansı ad verilməlidir? Biz özümüzü düşmən saydığımız ermənidən qorumalıyıq, yoxsa Azərbaycan hökümətindən?

Günahsız yerə bu insanlara işgəncə verdirənlər və bu işgəncəni tətbiq edənlər, sizləri hansı ana doğub? Axı sizə insan deyiblər. Bir insan insana işgəncə verəcək qədər xəstə təfəkkürə necə sahib olurmuş? Heç vicdanınız sızlamadımı? İnsanları alçaldaraq onların qanı üzərində qazandığınız “çörəyi” hansı adla balalarınıza yedizdirirsiniz? Bu cür “çörək” qazandığınızı sizi doğan ana bilsəydi, yəqin ki, sizlərdən çoxdan imtina etmişdi.

Yazıma görə məni də hər hansı bir iftira adıyla suçlaya bilərsiniz. Bu sizin üçün adi bir işdir. Nardaranda törətdiyiniz qanlı olaya qədər Abbasın hansı çətinliklərlə böyüdüyünü, ailəsinin hansı əziyyətlərdən keçdiyini dərk etmək sizə çətin olar. Halalı haramdan ayırmağı bacaran Abbas 11 yaşında səyyar qəzet satışı ilə məşğul olaraq, ailəsi üçün halal pul gətirirdi. Bəzən məktəbdən sonra, bəzən də dərs zamanı tikintidə işləməklə oxuduğu on bir illik məktəbi başa vurdu. Gəncliyinin ən gözəl zamanında ataya və dövlətin dəstəyinə ehtiyacı vardı. Ata əbədi olaraq bu həyatdan köçmüşdü. Sahib olduğumuz dövlət isə gəncliyə arxa çevirib.

İllər boyu iş axtararaq gəzmədiyi tikinti qalmamışdı. Adi usta işinə belə tapşırıq üçün “dayın” olmalı idi. Axı biz Azərbaycanda yaşayırıq. Süpürgəçisindən tutmuş, fəhlə, sürücü, həkim, müəllim, hakim və millət vəkili olmaq üçün arxanda ya “dayın”, ya da pulun olmalıdır. Yerli-yersiz təriflər söyləməklə, kiminsə evini yıxmaq bacarığına sahib olmalısan ki, işin irəli getsin. Və o zaman dövlət sənə “dəyər” verir.

Köçkünlər tərəfindən zəbt olunmuş on otaqlı mənzillərini (iki beş otaqlı mənzil) geri almaq üçün uzun illər boyunca Abbasın anası haqq-ədalət axtararaq, döymədiyi dövlət qapısı qoymamışdı. Öz haqqını tələb edən ana dövlət qapılarında sürünməkdən ürək xəstəliyinə tutulub. O zaman haqqı eşidib görmək üçün bu dövlətin məmurlarının nə qulaqları eşidirdi, nə də gözü görürdü. İllər boyu qanunların tapdalanmasının, hüquq pozuntularının və məmur özbaşınalığının əziyyətini bizlər yaşamışıq. Və yaşayırıq da…

Abbasdan qisas almaq üçün onun ailəsinə qarşı da öz çirkin əməllərinizi davam etdirməkdəsiniz. Həqiqəti eşitməkdən qorxduğunuz üçün digər qardaşlarını da “bandotel”ə aparıb, zor tədbiq edərək növbəti işgəncələrinizi onların üzərində həyata keçirib, həbslə təhdid edirsiniz. Hələ bu bəs deyilmiş kimi, alın təri ilə çörək qazanan, əlləri qabar bağlayan qardaşları işdən qovdurmaq kimi “şərəfli” uğura nail olmusunuz. Bir tikə halal çörəyə göz dikəcək qədər qəddar hökümətin bundan sonra hansı haqsızlıqlara, çirkin oyunlara imza atacağını zaman göstərəcək.

İnsan taleyini ucuz tutan rejim Nardaranda tökdüyü qana, insanlara etdiyi zülmə fantastik don geyindirib, sonra da TV kanallarında xalqa psixoloji təcavüz göstərərək, özünə haqq qazandırır. Belə “gerçəyə” özünüzü, Milli Məclisdə havayı maaşa sahib olan deputatlarınızı və şık həyat yaşayan digər məmurlarınızı qandıra bilərsiniz.

Demokratik dəyərlərə, söz, fikir azadlığına, insan hüquqlarının qorunmasına sözdə önəm verən Azərbaycanın dövlət başçısına müraciət edirəm: Güc və hakimiyyət sahibi olaraq siz öz şərəf və ləyaqətinizi qorumaq üçün hər cür addımlara (cəzalara) əl atırsınız. Bəs öz dövləti tərəfindən hər addımda təhqir olunaraq fiziki zorakılığa məruz qalan, alçaldılmış, haqqı əlindən alınmış xalqın şərəf və ləyaqətini kim qoruyacaq? Sizin üçün bizlərin, yəni Azərbaycan vətəndaşlarının daş qədər dəyəri yoxdu? Vətən yolunda hər zaman şəhid olmağı bacaran oğullar, məhz sizlər tərəfindən şərlənib “cəhənnəm qazanına” düşən, sadə Azərbaycan vətəndaşlarının balalarıdı. Sizin təyin etdiyiniz məmurlarınızdan fərqli olaraq, şərlənən insanların ən böyük sərvəti inancı, əqidəsi, vicdan və mənəviyyatıdır. Demək ki, bizim Azərbaycanda yaşamaq haqqımız daha çoxdur.

Öz şəxsi mənafeyini xalqından üstün tutan, xalqını duymayan və hiss etməyən hakimiyyət bir gün devrilməyə məhkumdur.

Qardaşıma verilən işgəncələri heç bir zaman unutmayacam və unutmayacağıq. Biz tək deyilik, bizim kimi yüzlərlə insan var. Siz öz siyasi ampluanıza həbslərlə, işgəncələrlə sadiq qalın – insanların səsini boğun, haqqını əlindən alın, onlara psixoloji travmalar yaşadın… Nə qədər çox olsa, xalq inqilaba, üsyana bir o qədər tez hazır olar.

O inqilabı görmək ümidiylə…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button