ArxivNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadə: Siz mənim cismimi həbs etmisiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Taleh Bağırov son sözünü başa çatdırandan sonra Cahad Babakişizadə, Fərhad Balayev, Etibar İsmayılov və Ramin Yarıyev çıxış edərək, özlərini təqsirli bilməyiblər.
Digər təqsirləndirilən şəxslər növbəti prosesdə son söz deyəcəkləri bildirilib.
Proses yanvarın 18-də davam etdiriləcək.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən Bəhruz Əsgərov son söz deyib. O, ittiham üzrə özünü təqsirli bilməyib: “Nardaranda polislər qadınlara, uşaqlara, bizə atəş açıb, güllə yağışına tutublar. Bədənimdə hələ də güllə yaraları qalmaqdadır. Məni xəstəxanaya polis yox, kənd adamları aparıb. Bizi xəstəxanada həbs etdilər. Orada məni vurmaq istədilər, lakin polislərdən biri qoymadı. Orada bildim ki, bizi həm də polis ölümündə ittiham edirlər. Reanimasiyada məndən ifadə alıblar. Həmin vaxt mənə morfi vurmuşdular. Ağlım başımda deyildi. Yazılanlara qol çəkdim. “Bandotdel”ə aparılanda dedilər, səndə qumbara olub. Mən də dedim, yalandır. Həmin vaxt bir ayağım gipsdə idi. Mənə heç bir yardım göstərilmədi. Heç təbii ehtiyacımı da ödəyə bilmirdim. Mən məhkəmədən heç nə gözləmirəm. Çünki məhkəmə hər şeyə göz yumdu. Siz bu işə sifarişlə baxırsınız. Xalq bizim bəraətimizi verib. Azərbaycanın elə görkəmli xadimləri olub ki, onlara həbs verilib. Lakin onlar hər zaman yad edilir. Hökm oxuyan hakim isə lənətlənir”. Hakim isə deyib ki, bu məhkəməyə təzyiq kimi qiymətləndirilir.

“Bu xalq qeyrətli xalqdır. İnanıram xalq öz sözünü deyəcək. Xalq artıq bezib rüşvətxorluqdan, haqsızlıqdan. Polislər qorxu mənbəyinə çevrilib. Bizi həbs qorxuda bilməz. Siz bizim səsimizi kəsə bilməzsiniz. Biz zalım top-tüfənginin qarşısında kişi kimi dayanmışıq. Həqiqət sonda yerini tapacaq. Axirətdə Allah hökm verəcək, siz son söz deyəcəksiniz. Sizin hökmünüzün heç bir əhəmiyyəti yoxdur. Hökm Allaha məxsusdur” – Bəhruz Əsgərov fikrini yekunlaşdırıb.

Taleh Bağırov isə bu cümlələri deyib. MeydanTV bildirir: “Qərb ölkələrinin səfirliklərinin nümayəndələri gəlib bizə dəstək oldular. Mən hesab edirdim ki, müsəlman ölkələri bizi müdafiə edərlər. Xüsusi təşəkkürümü zərif qəhrəmanım olan Leyla Yunusa bildirirəm. Mən dəfələrlə şərlənib həbs edilmişəm. Həmişə bir-iki maddə ilə ittiham verirdilər. Bu dəfə 21 maddə ilə ittiham veriblər. Ona görə hər şeydən danışa bilərəm. Nardaran hadisələri tarix yazdı. Bizim üçün bu şərəfli tarixdir. Siz mənim cismimi həbs etmisiniz. Mənə işgəncə veriləndə həzz alırdım. Allah özü mənə belə güc vermişdi. Mən çoxdan Fuad Qəhrəmanlı ilə tanış olmaq istəyirdim. Onun həbsi bizim nə qədər xeyrimizə oldu. Bu ailə bizə yardımçı oldu. Mən özümə bacı olaraq Zümrüd Yağmuru tapmışam. Onun yazılarını oxuyurdum. O kişi qeyrətli qadındır”.

Amerikanınsesi.org saytının məlumatına görə, “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə polisdə ona və tərəfdarlarına işgəncələrin verilməsindən danışıb. “Bandotdel”də bizə işgəncə verdilər, sındırmaq istədilər, amma bacarmadılar. “Bandotdel” Azərbaycan hakimiyyətinin simasıdır”, o vurğulayıb. O, prezident İlham Əliyevi güc qurumlarına arxalanmamağa çağırıb: “Çünki “bandotdel”də onun ailəsini də söyürlər”.

Sonra Cahad Babazadə, İqbal İsmayılov, Fərhad Balayev və Ramin Yarıyev çıxış edərək “bandotdel”də işgəncələrdən, məhkəmənin ədalətsiz olmasından danışıblar, “Bağırzadədən ayrılmamaq üçün” onları da ömürlük həbs etməyə çağırıblar.

Turan agentliyinin məlumatına görə isə, “Həbsdən öncə mən islahatlar ideyası ilə yaşayırdım, indi isə inqilab ideyaları ilə yaşayıram”, – T.Bağırzadə deyə bildirib.

Əvvəlki prosesdə dövlət ittihamçısı Nəsir Bayramov Taleh Bağırzadənin ömürlük, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror həmçinin Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

“Nardaran işi” məhkəməsi: Taleh Bağırov “son söz”lə çıxış edib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button