ArxivXəbər lentiXəbərlər

İran Azərbaycanda traktor istehsal edəcək

Bakıda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası keçirilir.

İclasa Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi həmsədrlik edir.

Tədbirdə çıxış edən Ş. Mustafayev qeyd edib ki, Bugünkü iclasda Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi ətrafında müzakirələr aparılacaq: “Layihəsinin birinci mərhələsi başa çatır”.

Nazirin sözlərinə görə, tədbir çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forum keçiriləcək. “Biznes forumda iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılacaq. Bu ilin 11 ayında ticarət dövriyyəmiz 60% artıb”, – deyə o bildirib.

Neftçala Sənaye Məhəlləsində İranın avtomobil zavodunun inşasına toxunan nazir qeyd edib ki, layihənin icrası uğurla davam edir. “Təbrizin avtobus və traktor istehsalı zavodlarının Neftçalada istehsal sahələrinin yaradılmasını da müzakirə edəcəyik”, – deyə o əlavə edib.

Nazir qeyd edib ki, dekabrın 29-da Naxçıvan-Cülfa-Təbriz-Tehran-Məşhəd qatarı yola salınacaq: “Bu qatar il ərzində 12 min insanın daşınmasına imkan verəcək”.

Ş. Mustafayev onu da diqqətə çatdırıb ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar mövcuddur.

Nazirin sözlərinə görə, iki ölkənin iş adamları üçün viza rejiminin sadələşdirilməsi üçün Azərbaycan hökuməti addımlar atacaq.

“İranın ölkəmizə yatırdığı investisiyaların həcmi 2 mlrd. dollardan çoxdur”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanla İran arasında səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar mövcuddur və bu iclas çərçivəsində bununla bağlı da müzakirələr aparılacaq. “İranın səhiyyə nazirinin iştirakı ilə Pirallahı Sənaye Məhəlləsində İranın dərman istehsalı zavodunun təməli qoyulacaq”, – deyə o əlavə edib.

M. Vaezi isə bildirib ki, İran bütün sahələrdə Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin 60% artması çox müsbət haldır: “Ancaq iki ölkənin bank sektorları arasında əlaqələri genişləndirsək, bu göstərici daha da arta bilər. İki ölkə arasındakı idxal-ixrac əməliyyatlarının araşdırılmasına ehtiyac var. İran və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirməlidir. Düşünürəm ki, torpaqların müştərək şəkildə işlədilməsi imkanları müzakirə olunmalıdır. Səhiyyə və əczaçılıq sahəsində əməkdaşlıq üçün də yaxşı potensial mövcuddur”.(apa)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button