ArxivMüsahibəXəbər lentiXəbərlər

“Azərbaycanda normal demokratik şərait olsaydı…” – Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılının müsahibəsini təqdim edirik:

-Köklü müxalifət partiyalarının birgə proyektləri artıq tarixin arxivinə gömülüb desək, yanılmarıq. Mən əsasən AXCP ilə Müsavat Partiyasının əməkdaşlığını nəzərdə tuturam. Yenidən bir dönüş ola bilərmi?

-Hazırda ölkədə elə bir siyasi proses – seçkilər ya da ciddi siyasi tədbirlər yoxdur. Belə bir məqamda siyasi partiyaların əməkdaşlıq və müttəfiqlik münasibətləri mövzusu da öz aktuallıq dərəcəsini itirir. Ancaq müxalifətin funksional əməkdaşlıq prosesləri davam edir. Əminəm ki, ölkədə ciddi siyasi təbdirlər həyata keçirilən zaman müxalifətin əməkdaşlığı mövzusu daha da aktuallaşacaq.

-Müsavat Partiyası sentyabrda keçirdiyi mitinqində növbəti aksiyanı Milli Şura ilə birgə etmək istədiyini bəyan etdi. Kobud səslənsə də deyəcəyəm. Bu təklifinizi qarşı tərəf qulaqardına vurdu. Siz təşəbbüs göstərirsiniz, qarşı tərəf isə buna adekvat cavab vermir. Belə bir məqamda perspektiv əməkdaşlıqdan danışmaq nə dərəcədə düzgündür?

-Bu mövzu haqqında kifayət qədər danışılıb. Hər şey hamıya aydındır. Ona görə də, bu mövzuya yenidən qayıtmaq istəməzdim. Ancaq siyasi təşkilatlar arasında münasibətlər konkret hər hansı hadisəni nəzərə alaraq əbədi müəyyənləşmir. Hansısa zaman kəsiyində əməkdaşlıq mövzusunun yenidən aktuallaşması və bunun baş tutması istisna deyil.

-Bu əməkdaşlığın baş tutmasına kim mane olur? Müsavatın içərisindəki hansısa bir qrupmu? Yoxsa AXCP və ya Milli Şuradakı çevrələr?

-Hər bir siyasi təşkilat öz mövqeyini, taktika və strategiyasını müəyyənləşdirir. Müsavat Partiyası olaraq hesab edirik ki, ölkənin aparıcı müxalifət partiyalarının əməkdaşlığı Azərbaycan cəmiyyətinin, eyni zamanda demokratik qüvvələrin mənafelərinə uyğundur. Ancaq digər təşkilatlar fəaliyyətlərini öz maraqlarına uyğun qururlar. Mən kimlərinsə qəbul etdiyi qərarlara qiymət vermək istəməzdim.

-Müsavat Partiyasının növbəti mitinqi nə zaman üçün planlaşdırılır?

-Müsavat Partiyası noyabrdan sonra mitinq keçirmək barədə qərar qəbul etməyib. Ancaq mitinqlərin olmaması haqda da hər hansı bir qərar yoxdur. Siyasi şərait diktə edərsə, kütləvi aksiyalar istənilən halda keçirilə bilər. Kütləvi aksiyaların keçirilməsi normal bir haldır. Azərbaycanda normal demokratik şərait olsaydı, bu kütləvi aksiyalar fasilə verməzdi.

-Hazırda Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 33-cü ildönümü münasibəti ilə təşkil olunan tədbirdə sizdən müsahibə alıram. Müsahibə alana qədər müşahidə apardım. Rauf Arifoğlu tərəfə getsəniz də, onunla görüşmədiniz. Aranızdakı problem şəxsi küsülülüyə gətirib çıxarıb?

-Mən onu görmədim. Mənə elə gəlir ki, müşahidəniz zamanı yanlışlığa yol vermisiniz.

-Yaxşı, sualı belə qoyum. Küsülüsünüz?

-Azərbaycan cəmiyyətində bizim münasibətlərimizlə bağlı kifayət qədər aydınlıq var. Əlavəm yoxdur.

modern.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button