ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi” və siyasi İslamın reablitasiyası – Fuad Qəhrəmanlı həbsdən yazdı

Nardaran işi ilə bağlı keçirilən məhkəmə proses 3 aya yaxındır ki, davam edir. Məhkəmədə təqsirləndirilən şəxslərin amansız işgəncələrə məruz qalması ilə bağlı aşkarlanan faktlar, terrorçu kimi mühakimə olunan dindarlarda silahların olmamasına dair aydın sübutlar qısa zaman ərzində hakimiyyətin yalan təbliğat hesabına yaratmağa çalışdığı təəssüratın doğru olmadığını üzə çıxardı. Bu gün günahsız insanlar dəmir barmaqlıqlar arxasına salınıb. Cinayət Məcəlləsinin ən ağır maddələri ilə ittiham olunmaları və mühakimə olunanların sayının çoxluğu onu göstərir ki, əslində, Nardaran işinin mahiyyətinin hüquqa heç bir aidiyyəti yoxdur və bu iş siyasi məqsədlə həyata keçirilən represiya aktıdır.

Hadisələrin üstündən 1 ilə yaxın vaxt keçməsindən və bütün təfərrüatın məlum olmasından sonra Nardaran işinin siyasi nəticələrini qiymətləndirməyə çalışacağıq. Bundan ötrü hakimiyyətin Nardaranda həyata keçirdiyi silahlı əməliyyatın məqsədlərini diqqətə almaq gərəkdir.

Bu gün artıq aydındır ki, Nardarandakı dindarlara qarşı keçirilən silahlı əməliyyatın qəddarlığı və qan tökülməsi təsadüfi olmayıb və məqsədli xarakter daşıyıb. Dinin siyasətdən ayrı tutulması pərdəsi altında inanclı insanların demokratik proseslərdə iştirakdan kənarda saxlanılması taktikası Taleh Bağırzadənin təmsil etdiyi yeni, gənc dindarların hesabına pozulmaqdadır. Taleh Bağırzadənin Milli Şuraya daxil olması və ölkədəki ağır problemlərə etinasız qalmağın İslamın mahiyyətinə zidd olduğunu izah etməsi, inanclı insanları ədalət və azadlıq uğrunda mübarizədə fəal olmağa çağrması hakimiyyəti təşvişə salırdı. Bu çağrışlar uzun illər ərzində demokratik müxalifətə inteqrasiyadan məqsədli şəkildə kənarda saxlanılan inanclı kəsimin siyasiləşmiş protest elektoratla birləşməsinə və demokratik müxalifətin ənənəvi sərhədlərinin yeni insanlar hesabına genişlənməsinə zəmin yaratdığı üçün əməliyyatın qanlı olmasının məqsədi də Taleh Bağırzadə və tərəfdarlarına daha ağır maddələrlə cinayət işi açıb, onları birdəfəlik məhv etmək, yerdə qalan dindarlarda da dərin qorxu yaratmaq idi.

Digər bir məqsəd isə Nardaran işini saxta terrorçu markası ilə Qərbə satmaq idi. Hakimiyyət Qərbə göstərmək istəyirdi ki, Azərbaycan da digər islam ölkələrindən heç nə ilə fərqlənmir və burada demokratik azadlıqlar radikal islamçılığın güclənməsinə və beləliklə də dünyəvilik, sabitlik üçün təhlükə yaratmasına səbəb ola bilər. Ona görə də Qərb öz təhlükəsizlik maraqlarına görə Azərbaycandakı avtoritar rejimi radikal islamın qarşısını kəsən bir maneə kimi qəbul etməli və avtoritarlığa görə ona çox təzyiq etməməlidir.

Bu prosesdə Nardaran hadisələrində hər hansı formada iştirakı olmayan ana müxalifət partiyasının funksioneri kimi məni də feysbukdakı statuslara görə qondarma ittihamla həbs etməklə iqtidar AXCP-ni də “Silahlı dindar qrupla” əlaqədə ittiham etmək və beləliklə, əsas rəqibinə qarşı represiyalar üçün zəmin yaratamağa çalışırdı. Bu mümkün olmazsa belə, AXCP sədr müavininin həbsi ilə müxalifətə mesaj verib, Nardaranda törədilən hadisələrin əsil mahiyyətinin ifşa olunması prosesindən müxalifətin kənarda durmasına nail olmaq istəyirdi. Çünki biz hadisələrin ilk günündən belə, Nardaran olaylarının gerçək mahiyyətini ifşa edib ictimailəşdirmək yolu tutmuşduq.

Bu gün hadisələrin üstündən 1 ilə yaxın müddət keçəndən sonra, demək olar ki, iqtidar nəinki qarşıya qoyduğu məqsədlərə nail ola bilmədi, əksinə, ortaya təmamilə əks nəticələr çıxdı. Ona görə də deyə bilərik ki, əgər hakimiyyət Nardaran əməliyyatının bugünkü siyasi nəticələrini görə bilsəydi, yəqin, heç bu ağır nəticəli səhvi törətməzdi. Güman edirəm ki, hakimiyyətin yuxarı eşalonunda bu ciddi səhvin məsuliyyətini artıq anlamağa başlayıblar. Ancaq artıq o qədər gecdir ki, Nardaran işinin hakimiyyət üçün doğurduğu mənfi nəticələrin qarşısını almaq mümkün deyil.

Siyasi İslamın reablitasiyası

Hakimiyyətin qarşıya qoyduğu məqsədin əksinə olaraq Nardaranda həyata keçirilən qanlı əməliyyatda dinc insanların öldürülməsi, kütləvi, qəddar işgəncələr heç də inanclı insanlarda qorxu, xof yarada bilmədi. Əksinə, bu əməliyyatı planlaşdıranlar İslam dininin mahiyyətini anlaya bilmədikləri üçün dindar insanların üzərinə zorla getməyin nə qədər yanlış bir metod olduğunu da başa düşmədilər. Bu zorakılıq nəticəsində hakimiyyət özünün İslama, dinə qarşı olması haqda rəy formalaşdırdı. Artıq bundan sonra iqtidarın müəllifliyi ilə həyata keçirilən dini layihə və tədbirlər İslam dininə xidmət kimi qəbul edilməyəcək və beləcə, siyasi məqsədlərlə ondan faydalanmaq, onu nəzarətdə saxlamaq cəhdini gizlətmək mümkün olmayacaq. İqtidarın zorakılığının inanclı insanların qəlbində yaratdığı etiraz və narazılıq hissi o qədər dərin xarakter daşıyır ki, artıq hakimiyyətə yaxın tanınmış ruhanilər vasitəsi ilə dindarları nəzarətdə saxlamaq mümkün deyil. Əvvəlki dövrdən fərqli olaraq indi artıq rejimin haqsızlıq və ədalətsizliyinə etiraz edən müxalif, mübariz bir dindar mövqeyi, rəqabət yaradan alternativ kimi, ictimai rəydə daha populyardır. Məhz mübarizə yolu seçən dindarların fonunda sözdə İslamın halalıq, dürüstlük, ədalət kimi prinsiplərindən danışıb, real həyatda iqtidarın bu prinsipləri pozan əməllərinə etiraz edə bilməyən çox sayda ruhanilər inanclı insanların nəzərində öz mənəvi cazibələrini, nüfuzlarını itirərək qeyri-səmimi görünməyə başlayıblar. Bu reallığın fonunda isə Hacı Taleh və onunla birgə olan həmkarları İslamın həqiqətlərinə uyğun olaraq rejimin ədalətsizliyinə etiraz etdiyi üçün amansız represiyaya məruz qalmış, beləcə də haqlı olaraq, insanların nəzərində onların əzabkeş, qəhrəman obrazı yaranmışdır ki, bu da onlara qarşı daha böyük rəğbətin yaranmasına səbəb olmuşdur.

Siyasi texnologiyalara az çox bələdçiliyi olanlar isə dindar insanların nəzərində əzabkeş imici qazanmağın nə demək olduğunu təsəvvür edirlər. Nardaran əməliyyatı ilə iqtidardakılar öz dini müxaliflərinə bu statusu qazandırmış oldular.

Nə qədər paradoksal görünsə də, Nardaran əməliyyatı siyasi İslamın önünü açmaqla, yeni bir müxalif cəbhənin formalaşmasının əsasını qoydu. İqtidarın siyasətinə qarşı çıxış edən Taleh Bağırzadə və yenicə təşkilatlanmaqda olan bir qrup gənc dindarın məruz qaldığı qanlı represiya cəmiyyətdə kəskin narazılıq yaradıb, inanclı insanlar arasında onların mövqeyinə dəstək, həmrəylik qazandırdı. Bununla da qısa zaman ərzində siyasi proseslərə qatılıb rejimə etiraz edən dindarların sayı artmağa başladı. Milli Şuranın 11 sentyabr mitinqində iştirakçılar arasında dindarların nəzərə çarpacaq sayda olması ilə iqtidarda bir çoxları Nardaranda törədilən zorakılığın siyasi nəticələrini görməyə başladı.

İnanclı insanların ənənəvi müxalif elektoratla birgə meydanlara çıxması həm də ölkədə siyasi İslamın reablitasiya olunmasına imkan yaradır. Bəlli olur ki, islamçılar heç də radikal, dağıdıcı, İran meyilli insanlardan ibarət deyillər və onlar da demokratik düşüncənin daşıyıcısı kimi, sivil siyasi fəaliyyətə qatılmaqla, demokratiya uğrunda mübarizəyə öz müsbət töhvələrini verməyə çalışırlar. Nardaran işi ilə bağlı keçirilən məhkəmə prosesində Taleh Bağırzadə və həmkarlarının günahsızlığının, heç bir silah-sursata sahib olmamalarının sübuta yetirilməsi də siyasi İslamın dinc xarakteri ilə bağlı yerli və beynəlxalq ictimai rəyin müsbət mənada aydınlaşmasına kömək etdi. Bu baxımdan hakimiyyətin Nardarandakı qanlı hadisələri beynəlxalq aləmə radikal dindarların terror əməli kimi təqdim etmək istəyi də keçirilən məhkəmə prosesi ilə iflasa uğradı.

Məhkəmənin ilk günlərindən başlayaraq xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilat nümayəndələrinin prosesdə iştirak edib, gerçəkləri və işgəncə faktlarını dinləmələri dünyanı yalançı terror tamaşası ilə aldatmağa imkan vermədi. Qarşıdakı dönəmdə Nardaran işinə görə haqsız cəzalandırılacaq şəxslərin azadlığı naminə beynəlxalq təşkilatların səsləndirəcəyi tələblər yəqin ki, uzun müddət iqtidar üçün əlavə başağrısı olacaq. Bu vəziyyət Qərbin Azərbaycandakı siyasi İslama münasibətinin obyektiv əsaslar üzərində formalaşmasına yardım edərək, iqtidarın din faktorundan gələcəkdə Qərbi şantaj aləti kimi yararlanmasına mane olacaq.

Nardaran işində İran faktorunun iflası

İndiyə qədər Azərbaycanda siyası İslam İrana bağlı hesab olunurdu. İranın xarici siyasətində din faktorundan öz dövlət maraqlarını təmin etmək üçün istifadə etməsi dindarların fəaliyyətini damğalayaraq, onların siyası proseslərdə istirakının qarşısını almaqda maraqlı olan hakimiyyətin işinə yarayırdı. Lakin Nardaran əməliyyatı, Taleh Bargırzadənin təmsil etdiyi yeni İslamı xətt bu stereotipi dağıdaraq heç bir kənar ölkəyə bağlı olmayan müstəqil dini təşkilanmanın olduğunu göstərdi. Nardaran işi üzrə aparılan istintaq dövründə hakimiyyət “Müsəlman Birliyi” hərəkatının İranla əlaqəsinə dair nə bir fakt tapa bildi, nə də İran Nardaran işinə görə mühakimə olunanları bir dəfə olsun müdafiə etdi.

Mənəvi və siyasi yaxınlıq

Nardaranın işinin ən qəribə və paradoksal məqamlarından biri də budur ki, sədr müavini olaraq məni həbs etməklə hakimiyyət AXCP-ni zorən Nardaran işinə qatdı. Bununla iqtidar təkcə növbəti saxtakarlıq və qanunsuzluğunu etmədi, həm də ciddi siyasi səhvə yol verdi. Bəlkə də hakimiyyətdə bunu hesaba ala bilməyiblər, ancaq 11 sentyabr mitinqində iştirakçıların tərkibini müşahidə etdikdən sonra yəqin ki, müəyyən nəticələr çıxararaq pərt vəziyyətə düşüblər. AXCP sədrinin müavininin həbsi əslində inanclı kəsimlə demokratik müxalifət arasındakı mənəvi yaxınlığı təmin etmiş oldu, onların arasından psixoloji baryeri götürdü. Bizim həbsimizdən sonra müxalifət nəinki Nardaran işindən uzaq durmadı, əksinə, üzərində əlavə bir mənəvi öhdəlik hiss edərək, öz informasiya resurslarından, beynəlxalq əlaqələrindən yararlanıb, hakimiyyətin yalanlarını daha çox ifşa etməyə, Nardaran işinə sahib çıxmağa çalışdı.

Ölkədə iqtisadi böhranın getdikcə dərinləşdiyi, sosial gərginliyin artdığı bir şəraitdə öz rəqiblərini yaxınlaşdırmaq, onların sosial bazasını genişləndirmək heç də ağıllı siyasət hesab oluna bilməz. Bu baxımdan bu gün əminliklə demək olar ki, uzun illər ərzində hakimiyyətin inanclı kəsimi demokratik müxalifətdən təcrid olunmuş vəziyyətdə saxlamaq siyasəti məhz Nardaran əməliyyatı nəticəsində iflasa uğradı.

Fuad Qəhrəmanlı
Kürdəxanı tədricxanası

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button