ArxivIslamNardaranXəbər lentiXəbərlər

Taleh Bağırzadə: “Nəslimi də tutsalar, dediklərini etməyəcəm”

Abbas Hüseynov: İstəyirlər anamı da həbs etsinlər

Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Xeyri yoxdur
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Abbas Hüseynov çıxış edərək bildirib ki, həbs olunmalarının əsas səbəbi fikirlərini sərbəst şəkildə ifadə etmələridir: “Mən bu rejimə qarşı çıxdığıma görə, təzyiq etmək məqsədi ilə qardaşlarımı həbs ediblər. Nəyə görə həbs etdiklərini isə demirlər. İstəyirəm “Bandotdel”dən onların həbs olunmalarının səbəbini soruşasınız. Bilsinlər ki, xeyri yoxdur. Özlərini yormasınlar, öldürsələr belə yolumuzdan dönməyəcəyik. İlham Əliyevə səsimi çatdırın, deyin, qaç, qurtar canını, bu xalq sənin sonunu Qəddafidən betər edəcək. İstəyirlər üç yox, yeddi qardaşımı həbs etsinlər, anamı həbs etsinlər, xeyri yoxdur”.

Hakim Əlövsət Abbasov isə ona bildirib ki, məhkəmə binası dövlət qurumu hesab edilir və burada rəhbərlikdə olan şəxslərin haqqında istədiyini danışmaq olmaz. Hakim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu vermək səlahiyyətlərinin olmadığını da deyib. A. Hüseynov isə məhkəmənin tamaşa olduğunu söyləyib: “Bura dövlətin ucuz tutulduğu bir yerdir”.

Şahid mənəvi zərər çəkib
Daha sonra iclasda BMCMİ-nin əməkdaşı Həmzə Zahidov ifadə verərək əməliyyat zamanı Ramin Yarıyevi saxladığını, onun əlində bıçaq olduğunu, üzərindən qumbara və Taleh Bağırzadənin kitabçasının çıxdığını deyib. Şahid BMCMİ-nin adamları girovgötürmə və tələbetmə şöbəsində çalışdığını bildirib. Vəkil Nemət Kərimli isə ondan kimləri girov götürdüklərini soruşub. Şahid bu cür cinayətə qarşı mübarizə apardıqlarını, heç kimi girov götürmədiklərini deyib.

Vəkil Yalçın İmanov isə deyib ki, ölən şəxslərin hər birində avtomatdan açılan güllənin izləri var. Lakin polis əməkdaşlarında ancaq “Zəfər” silahı olub. Vəkil bunun səbəbini şahiddən soruşub. O, suala “Dəqiq deyə bilmərəm” cavabını verib.

Vəkillər ondan hansı xəsarəti alması, nə zərər çəkdiyini soruşublar. O, mənəvi zərər çəkdiyini deyib.

Vəkillər Ramin Yarıyevin əyinində necə şalvar olduğunu da soruşublar. Şahid onun əynində cins şalvar olduğunu deyib. Vəkil Gülşən Salmanova isə deyib ki, beş ay bundan əvvəl aprel ayında onunla Ramin Yarıyevin üzləşməsi olub və orada şahid Ramin Yarıyevin necə şalvar geyindiyini xatırlamadığını deyib. Şahid isə həmin vaxt xatırlamasa da, indi xatırladığını deyib.

Ailəmiz fəda olsun xalqa
Daha sonra prosesdə fasilə elan edilib. Fasilə zamanı çıxış edən Taleh Bağırzadə deyib ki, ata, ana, övlad, nə istəsələr qurban verməyə hazırdırlar: “Bunu hökumət də bilir. Nəslimi də tutsalar, dediklərini etməyəcəm. Mən də həbs olunanda bir nəfərin həbsi ilə təhdid edirdilər. Dedim ki, gedin, atamı tutun. Mənə xeyri yoxdur. Bu məktəb belə məktəbdir. Heç kim xanım Zeynəbdən artıq deyil. Bizim fərdi ailəmiz fəda olsun bu xalqa. Biri var bir ailə ağlasın, biri var bütün xalq. İmam Hüseyn gördü yolu ölümdür, ailəsi ilə getdi bu yola. Bu gün kimsə ailəsi, uşağı ilə imtahan edilirsə, bunu bilsin. Bu hakimiyyət başa düşmür ki, gələcəkləri varsa, görəcəkləri də var. Bizim elə bir düyməmiz yoxdur ki, bassınlar hardasa dayanaq. Bu gün bizim mənəvi qələbəmiz var. Xalqa müraciət edə bilirik. Amma onların belə hüququ yoxdur. Allahşükürün danışığına heç kim qulaq asmaz. Çünki sarayın etdiyi zülümləri hamı görür. Bu gün deməsinlər ki, kaş ki mən də Kərbalada olaydım. Desinlər ki, kaş ki, Nardaranda olaydım. Nardaran hadisənin Kərbala hadisəsi ilə oxşarlıqları çoxdur. Allah imtahan göstərir. Sən hardasan Hüseynin qarşısında, yoxsa yanında. Bu gün Allah şərait yaradıb bizə. Bu imkan hər xalqa verilmir. Yezid İmam Hüseyni öldürdü, sonra da qara bağlayıb, qara bayraqlarla matəm qurdu. Dedi, Hüseyni ibni Ziyad öldürüb. İndi hardasa qara bayraq qaldırıb, matəm edirlər. Görək o bayraq Yezidin bayrağıdır, yoxsa İmam Hüseynin? Haradasa belə məclis təşkil olunur və hökumət narahat deyilsə, demək ki, orada nəsə var. Bu cür matəm gərək mesaj versin”.

Biz yerimizdən məmnunuq
Daha sonra proses davam edib. Taleh Bağırzadə H. Zahidova sual verib. Deyib ki, ölən şəxslərin hər birində avtomat gülləsinin izi var: “Polislərdə “Zəfər” silahı olub. Lakin ölən polislərdə və digər ölən və yaralanan şəxslərin hər birində avtomat gülləsinin izi var. Ramil Usubov o zaman efirdə dedi ki, biz orada beş nəfəri məhv etmişik. Faktiki olaraq bu cinayəti boynuna götürdü”. Şahid suala cavab verə bilməyib.

Fuad Qəhrəmanlı isə soruşub ki, necə olub polislər maşında on beş dəqiqə silahlı birləşmə hesab etdikləri şəxslərin olduğu evin qarşısında gözləyiblər: “İŞİD üzvlərinin evinin qarşısında elə gözləmək olardı?” Şahid orada gözlədikləri zaman heç kimi görmədiklərini deyib.

Taleh Bağırzadə isə deyib ki, polis müqəddəs peşələrdən biridir: “Bu gün Türkiyədə polis öləndə deyirlər şəhid oldu. Lakin Azərbaycanda polis öləndə çox adam sevinir. Polisləri belə hörmətdən salıblar. Biz burada yerimizdən məmnunuq. Biz mübarizə aparırıq”.

Qarşıdurmada polislər xəsarət aldı
Daha sonra prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elmir Ələsgərov ifadə verib. O, 2015-ci il noyabrın 5-də polis idarəsinin qarşısına bir qrup şəxsin toplaşması barədə onlara məlumat verildiyi üçün oraya getdiklərini deyib. Bildirib ki, həmin vaxt o, stadionda olub. İdarənin qarşısına gələndə bir qrup şəxsin Elçin Qasımovun azadlığa buraxılmasını tələb etdiyini görüb: “Biz onlardan ictimai asayişi pozmamağı tələb etdik. Onlarda taxta, dəmir parçalar və daş var idi. Qarşıdurma zamanı bir neçə polis əməkdaşı xəsarət aldı. Mənim isə əl qandalım itdi”.

Prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Xəqani Davudov, Yunis Məmmədov, Şahin Abdullayev, Xətai Məmmədov da oxşar ifadələr veriblər. Onlar təqsirləndirilən şəxslərdən heç birini tanımadıqlarını deyiblər.

Daha sonra iclasda hakim Əlövsət Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərdikləri sorğulara cavab gəldiyni deyib: “Sorğuya cavab olaraq bildirilir ki, idarənin həyətində müşahidə kameraları yoxdur. Təqsirləndirilən şəxslər saxlanılan zaman əyinlərində olan paltarların alınması ilə bağlı isə Baş Prokurorluğun Ağır Cinayatlərə dair İşlər İdarəsinə müraciət etmək xahiş olunur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button