ArxivXəbər lentiXəbərlər

Cəllad Akif Çovdarov: “Öləcəyimi gözəl bilirəm”

“Kütləvi informasiya vasitələrində səhhətimlə bağlı verdiyiniz müsahibə dərc olunub. Müsahibənizdə səhhətimin normal olduğunu və hər həftə həkim-kardioloq tərfindən müayinə olunduğumu göstərmisiniz. Həmin yalan dolu müsahibəni hansı məqsədlə və kimlərin sifarişi ilə verdiyinizi yaxşı bilirəm”.

Bunu həbsdə olan keçmiş MTN generalı Akif Çovdarov Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəisi İftixar Qurbanova göndərdiyi məktubda yazıb. Musavat.com-un yaydığı məktubda A. Çovdarov bildirib ki, xərçəng xəstəliyindən əziyyət çəkir: “Mən 2006-cı ildən ürəyin işemik xəstəliyindən, aorta-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, səyrici aritmiya, taxsistolik forma xəstəliklərindən əziyyət çəkirəm. Bununla bağlı 2006-cı ilin may ayında Almaniyada ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Həmçinin, 2011-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm və 2011-ci ilin may ayında 6 saatdan artıq çəkən cərrahiyyə əməliyyatı nəticəsində mədəm, öd kisəm və bütün limfa vəzilərim amputasiya olunaraq götürülüb”.

“Verdiyiniz müsahibədən belə görünür ki, sizin ya mənim səhhətimdən ümumiyyətlə xəbəriniz yoxdur, ya da sizə verilən göstəriş əsasında özünüzü bilməzliyə vurursunuz”, – yazan A. Çovdarov qeyd edib ki, həbs olunandan sonra cəmi bir dəfə, 2016-cı ilin may ayında səhhətilə bağlı ekspertiza keçirilən zaman həkim-onkoloq tərəfindən müayinə olunub: “Həmin müayinədən sonra keçən dörd ay ərzində bir dəfə də olsun həkim-onkoloq tərəfindən müayinə olunmamışam. Halbuki Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin 102/KEŞ saylı 13 may 2016-cı il tarilxi ekspert rəyində mənim xərçəng xəstəliyindən əziyyət çəkdiyim açıq-aydın şəkildə göstərilib”.

A.Çovdarov məktubunda öz vəsaiti hesabına müalicə almasına şərait yaradılmasını istədiyini də yazıb: “Dəfələrlə rəsmi şəkildə müraciət edərək öz vəsaitim hesabına həkim-onkoloq tərəfindən müayinə olunmağımı xahiş etmişəm. Ancaq müraciətimə bu günə qədər münasibət bildirilməyib. O zaman sual edirəm ki, hansı əsasla nümayişkaranə şəkildə müsahibə verərək mənim səhhətimin normal olduğunu bildirirsiniz?”

Cinayət işi materialları ilə tam şəkildə tanış olmadığnı qeyd edən Çovdarov bunu səhhəti ilə bağlı yaranan problemlərlə əsaslandırıb.

Səhhəti ilə bağlı açıqlamalar verən İftixar Qurbanovu başqalarının diqtəsi ilə danışmaqda ittiham edən Çovdarov öləcəyi təqdirdə günahkar olaraq onu görəcəklərini yazıb. “Baş verənlərdən görünən budur ki, kimlərsə sizin əliniz ilə məni məhv etməyə çalışırlar.

Onu da qeyd etmək istəyirəm ki, ailə üzvlərimə sizin bütün qanunsuz hərəkətlərinizlə bağlı, o cümlədən səhhətimlə bağlı verdiyiniz rəy və rəsmi müsahibələri daim toplayaraq saxlamalarını tapşırmışam. Çünki mən xəstəliyimin real olaraq hansı vəziyyətdə olduğunu və qanunsuz olaraq normal həkim müayinəsindən məhrum edildiyim üçün günü-gündən səhhətim pisləşdiyindən istənilən an bu xəstəliklərdən ölə biləcəyimi gözəl bilirəm. Əgər əziyyət çəkdiyim xəstəliklərdən ölsəm, sizdən mənim sağlamlığımın normal olması barədə verdiyiniz məktub (rəy) və müsahibələrinizə görə mütləq hesab tələb olunacaq. Bu gün tələb olunmasa belə nə zamansa tələb olunacaq. Bunu özünüz də gözəl bilirsiniz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button