ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Cavad xan Müsəlmanlıq ğeyrətinin heykəli

Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub.

Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası Şərəf Cahan bəyim də əsilnəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı.

1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurur. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdir. Şükufə xanımdan Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızıTuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Gəncəlilərin növbəti üsyanından sonra hakimiyyətə 1786-cı ildə Cavad xan gəlir.

II Yekaterinanın sərəncamı ilə 1796-cı ildə Valerian Zubovun başçılığı altında rus qoşunlarının Qafqaza yürüşü başlanır. Yürüşün rəsmi səbəbi kimi Ağa Məhəmməd xanın pozduğu əminamanlığın bərpa olunması göstərilirdi. Çox qısa bir müddətdə ruslar az qala döyüşsüz və müqavimətsiz Azərbaycanın demək olar ki, bütün Xəzəryanı bölgələrini tuturlar. Xanların bir çoxu aralarında türk və İran meyllilər də olmalarına baxmayaraq, xanlığın və xan hakimiyyətinin saxlanılması şərti ilə Rusiyanın himayəsi altına keçməyə məcbur olur. Qafqaz korpusu Gəncəyə 1796-cı ilin 13 dekabrında general Aleksandr RimskiKorsakovun başçılığı ilə gəlir.

Cavad xanın özü şəhərdən çıxıb, rus ordusunun qarşısına gələrək, qalanın açarlarını RimskiKorsakova şəxsən təqdim edir. Elə həmin ildə II Yekaterina vəfat edir, yeni imperator I Pavel qraf Zubova Zaqafqaziyanı tərk etmək əmrini verir. Qafqazda rus qoşunlarının komandanı rus generalı, gürcü knyazı Pavel Sisianov təyin olunur. General Sisiyanov Tiflisdən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq, oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edirdi.

Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Xanlıq ləğv olunacaq. 1803- cü ilin 22 noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər. Şəhərin yaxın – lığında dayanan Sisyanov yenidən Cavad xana məktub yazaraq, şəhəri təslim etmək barədə ultimatum verir.

Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcəkdir. Qabaqdan qarlı qış gəlirdi və bunu gözünün altına alan Sisiyanov 1804-cü ilin 3 yanvarında qalanı hücumla almaq qərarı verir. Gəncəlilərin qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar qalanın əsas qüllələrini ələ keçirirlər. Qalanın divarları üzərində açıq döyüş zamanı Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə, səhər saat 4-də düşmən gülləsindən həlak olur. Gəncə bundan sonra Rusiyanın himayəsinə keçir və xanlıq ləğv olunur. Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button